İƏT rəsmisi ölkədə hüquqi islahatların əhəmiyyətini vurğulayıb

İslam Əməkdaşlıq Təşkilatının (İsƏT) Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının icraçı direktoru Hadi Bin Ali Alyami Azərbaycanın insan hüquqlarının müdafiəsi, hüquqi dövlət quruculuğu və məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi sahəsində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib.
"The Daily Baku" xəbər verir ki, bu barədə o, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevlə görüşündə bildirib.
Sədr Fərhad Abdullayev Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi, hüququn aliliyinin təmin olunması və demokratik institutların möhkəmləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl islahatlar barədə ətraflı məlumat verib.
Həmçinin, İsƏT-ə üzv olan İslam Dünyası Konstitusiya Yurisdiksiyaları Konfransı çərçivəsində bir çox ölkələrin Konstitusiya məhkəmələri ilə əməkdaşlığın önəmini vurğulayıb.
Daha sonra sədr Konstitusiya Məhkəməsinin insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyətindən, konstitusiya ədalət mühakiməsinin inkişafı istiqamətində görülən işlərdən bəhs edib. Həmçinin konstitusiya hüquqlarının təmin edilməsi sahəsində Konstitusiya Məhkəməsi ilə İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) arasında səmərəli əməkdaşlığı xüsusi qeyd edib.
Hadi Bin Ali Alyami insan hüquqlarının təşviqi və müdafiəsi sahəsində beynəlxalq əməkdaşlığın əhəmiyyətini qeyd edərək, bu istiqamətdə təcrübə mübadiləsinin və qarşılıqlı əlaqələrin genişləndirilməsinin vacibliyini nəzərə çatdırıb.
Tərəflər insan hüquqlarının qorunması, hüquqi maarifləndirmə, beynəlxalq hüququn müasir çağırışları və gələcək əməkdaşlıq perspektivləri ilə bağlı geniş müzakirələr aparıb, əməkdaşlığın gələcəkdə daha da inkişaf etdiriləcəyinə əminliklərini ifadə ediblər.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.